Apocalyose Now!.pdf

May 29, 2017 | Autor: Ziyad Quluzade | Categoria: Literature, Türk Dili ve Edebiyatı
Share Embed


Descrição do Produto

Ziyad Quluzadə APOCALYPSE NOW?! “Allahın ölümünü elan etmək cəsarəti göstərmiş yeganə insan Nitşedir. /.../ Allah heç vaxt ölmədi, hiperhəqiqətə çevrildi...” Jean Baudrillard

Bəzən klaviaturanın düymələrini Kafkanın Zamzasının çıxılmazlığı sayaq döyəclədikcə o qaranlıq dibsizlikdən, düşüncənin və qeyri-səlis dünyanın dərinliyindən tapacağın bir simurq lələyinin ümidinə qalırsan. Simurq lələyinin Promotey alovlarının istisinə ərimiş tükcüklərinin xeyli tilsimli qapıların qıfıllarını qıracağı ümidiylə bu yazını yazıram... Xeyli müddətdir ki, müxtəlif elmi məqalələrini və ciddi tədqiqatın nəticəsi olan kitablarını ələk-fələk etdikdən sonra haqqında yaranmış olan ümumi düşüncənin tilsiminə düşüb ardınca yuvarlanmaq qərarına gəlmişəm. Təkcə, filosof kimi deyil, eyni zamanda medyanın kütlə üzərindəki təsirinin sosyoloji aspektən analizi sahəsində xeyli ciddi düşüncə qatlarını qət etmiş bir fikir adamı kimi də onunla tanışlıq maraqlıdır. Məhsuldardır... İnsanın dünyaya baxışını dəyişdirməklə qalmır, həm də özünə və həqiqətə olan münasibətini də dekonstruksiya edir. Yeni, qəribə və epistolyar formaya salır. Məhz bu yazının kriptosunda Jean Baudrillardın düşüncələri dayanır demək, “Müəllifin Ölümü”nü elan etmək bahasına olsa da, həqiqətin (Üzr istəyirəm, hiperhəqiqətin. Çünki, həqiqət deyilən bir şey yoxdur!) gözlərinin qarasına baxmaq üçün bu fədakarlığı çiyinlərimə götürməliyəm. Tarixin o tozlu səhifələrinin arasında qan və göz yaşının yanında həm də düşüncənin süqutu və qələbəsi də mövcuddur. Keçmiş xatırladır ki, bir vaxtlar yüksək zadəgan nəsli, aristokratlar elmi və ziyalı olmağı öz özəl mülkiyyətinə (məziyyətinə) çevirmişdi. Ancaq, elə həmin tarixin gedişini dəyişən burjuaziya “Hər Şey Hamimiz Üçündür!” şüarını səsləndirdi və içindən çıxa bilmədiyimiz “KAPİTALİZM ÇÖKƏKLİYİ”nin dərinliyinə yuvarlandıq. İndi artıq Fukuyamanın “Tarixin Sonu” ibarəsinin kölgəsində dolandıqca həqiqətin qarşısında dayanmış hiperhəqiqəti və ya simulasyanı, tarixin qarşısında dayanmış tarix simulakrını gördükcə bayaqdan haqqında yazmaq niyyətim olan Jean Baudrillardla tanışlığın əhəmiyyətini daha yaxşı başa düşmək olur. Zamanın yeraltı dünyada Məlikməmmədin gözlədiyi qoçların rəngini bir-birindən ayıra bilməyəcək qədər şizofren bir nəsnəyə, satılabilən, maddi bir məhsula çevrildiyi məqamdır.

Məhz belə bir vaxtda küləklər şəhərinin hiperhəqiqəti, simulakrı və bütünlüklə simulyasiya dünyası barəsindəki arxetiplərin tədqiqi sadəcə filosofları deyil, bütün ziyalı (kapitalizm ziyalısı yox!) təbəqəni düşündürməlidir. Ümid və əbədiyyət ikisi də ölümsüzdür!

 Fransız filosofu Jean Baudrillard “Simulacres et Simulation” (Simulakr və Simulasya) kitabıyla kütləvi İnformasiya vasitələrinin sosyoloji aspektən analizi konteksində yazmış olduğu mətnlərlə bütün dünyada böyük şöhrət qazanıb. Kitabın əsas məğzini təşkil edən iki termin “Simulakr” və “Simulasya” anlayışları bu gün bizi əhatə edən mövcudiyyətin mahiyyətinin dərki baxımından xeyli əlverişlidir. Belə ki, artıq real dünya və onun simvolları arasında hər hansı bir dəqiqləşdirmə, müəyyənləşdirmə və ya ayırd etmək gücünə qadir deyilik. Çünki, ömrümüzü qum saatının yuxarıdan aşağıya, uçuruma, dibsizliyə ələdiyi qum dənələri kimi heçliyə götürən zaman çıxılmazı və bunu daha da sürətləndirən medya bizə reklamlar vasitəsiylə “nəsnələr”dən çox simvolları, əllə tutula bilməyən, maddi ekvivalenti olmayan götüntü, simulakr satır. Əslində biz bu gün bir “Grayder” ayaqqabısı yerinə onun ətrafında yaranmış olan propoqandanın simulakrını satın alırıq. Bunu “Calvin Klein”, “Chanel” və ya “Timberland” və s. yüzlərlə markaya aid etmək olar. Məgər “Starbucks” dünyadakı ən böyük simulakr deyilmi? Uydurulmuş həqiqət!



Dövrümüzün bəlkə də ən böyük ironiyası və simulakrı “Starbucks” qəhvəxanalarıdır. Öz ilkin mahiyyətindən uzaqlaşdırılmış, tamamilə başdan ayağa kimi simulakrlara bürünmüş bu modern çayxana, qəhvəxana insanlarda daha cool bir duyğu oyandırmaqla məşğuldur. Kütlənin içərisində fərqlənmək simulakrı ehtiva edən bu qəhvəxanaların karton stəkanlara adınızı sovet dövrü həkimlərinin dərman reseptlərini yazdıqları ilan qurbağa xətti kimi bir xəttlə yazmaqları sizdə öz ayrıcalığınızın, xüsusi bir fərd olduğunuzun simulakrını yaradır. Bu aura içərisində əsl istehlakçı kimi şizofrenik bir çıxılmaza girirsiniz. Əslində modern olanın mahiyyətinə dair düşüncəmizin kökündə heç də kapitalist sistemə qarşı ironiya etmək deyil. Sadəcə sistemin inşa etdiyi köləliyin və nihilist bir qaranlığın solğun işıqlarındakı ölüm iniltilərini dinləməkdir. Sanki, bütünlüklə səmadakı günəşi yerindən qoparıb, əvəzində bir əllaməçi rəssamın ağ kətana çırptığı böyük sarı ləkəyə isinirik. Əslində isinirmiş kimi davranırıq...



Baudrillardın bu həryana çevriləbilən, formasız və nəsnəsiz varlıqların kriptosunu daha əhatəli qavramağımıza əlverişlilik yaradan simulakr termini “qiyamət”in çıxış nöqtələrindən biri olan KAPİTALİZM bataqlığının ruhunu açır. Onun düşüncəsinə görə əslində Körfəz Müharibəsi “həqiqətdə olmayıb”. Çünki CNN tamaşaçısı bu müharibənin ilk kadrından sonuncu titrlarına qədər əsl estetik formada, siyasi ve iqtisadi maraqlar konteksində ideoloji bazası olan bir müharibə mövzulu film kimi izlədi. Onlar öz qətledilmiş heyvan dərilərindən hazırlanmış divanlarında qarşılarında çipsi xırçıldadıb, Coca Cola içdiyi sərin və geniş evlərində müharibəni izlədilər. Beləliklə medya ölümün, aclığın və terrorun ilk simulakrını istehsal etməyə başladı. Sonradan bu bir bumeranq kimi fırlandı və üzümüzə qayıdan bu simulakr dolaşığı çıxılmaz dalanlara dirəndi. Kütlələr bu uydurma və yalan həqiqətlərin dolaşığında özünü itirəndə kapitalizm onun estetik formalarından maddi və simulakrdan bütünlüklə arınmış olan sərvət topladı. Artıq ox yaydan çıxıb. Artıq Kütləvi İnformasiya Vasitələri (Media\ Yeni Media\ Sosial Media ...) modern köləliyin və quldarlığın cəlladı kimi fitnəkarlıq xislətində qarşımızdadır. Başımızın üstündədir. Yox, daha önəmli bir yerdə düşüncəmizdə, beynimizdə, qəlbimizdə və həyat tərzimizdədir. Məgər o böyük apokalipsis beyin hüceyrələrimizi ən kiçik zərrəsindən başlamayıbmı? Heç də qiyamət üçün yadplanetlilərə, yeraltından geri qayıdacaq olan ölü ruhlara ehtiyac yoxdur. Burada və indi, dört bir yanımızı ələ keçirmiş simulakr dünyası buna kifayətdir. Məhz belə məqamda bəlkə də Jean Baudrillardın üç qrupa ayırmış olduğu simulakr qavrayışının əhatə dairəsini ehtiva edən terminin izahıyla bağlı bir pasaj tərcümə etsək daha məqsədə yön verən, kriptoya işıq salan bir fəaliyyət olar. “Simulakrlar üç qrupa ayrılır.  Uyğunlaşabilən, xoşməramlı və Allahın yaratdığı ideal təbiətin eynisini/ əkiz tayını təqlidə hədəflənmiş simvollar, təqlid və kopyası üzərində inşa edilən təbii simulakrlar.  Bütünlüklə istehsalçı sistemi əhatələyən enerji və güc konteksində yaradılan, istehsal maşınlarıyla məhdudlaşan, istehsalçı xüsusiyyətlərə malik simulakrlar.  İnformation= bilgi, model və sibernetik oyunlardan ibarət olan, total bir funksionallıq, hiperhəqiqət və mütləq bir nəzarəti hədəfləyən simulasya simulakrları...” 

Dini mətnlərin bir çox varlıqlar kimi öz ilkin mənasını və ehtiva etdiyi anlamı itirdiyi, arxivləşdiyi və kütləvi ümid vasitəsindən çox, kütləvi təqlid vasitəsinə çevrildiyi məqamın adıdır apokalipsis... Məhz hər şey öz mahiyyətini itirdiyi, nötr olanı, o özünəməxsusluğunun məna qatının içi boş qavrayışa çevrildiyi dönəmdir apokalipsis...

Bəlkə də yuxu və həqiqət arasındakı sərhəddin əriyib heçliyə sovrulduğu indinin özündədir qiyamət. Ancaq, məsələnin “To Be Or Not To Be” mərhələsinin də artıq özünü dəyişərək “To be or To be” olduğu şizofrenik post-modernizm çağında insanı düşündürən bircə sual var. Bəs, Tanrı hiperhəqiqətə çevrildisə, onun simvolları dəyişdisə, ona ibadət forması əridisə, əbədi həyata giriş qapısı haradadır?...

Lihat lebih banyak...

Comentários

Copyright © 2017 DADOSPDF Inc.